Bazar iqtisadiyyatının tənzimlənməsi prosesində bazar paylarının hesablanması, məhsul və coğrafi sərhədlərin, bazarın həcmi və strukturu ilə bağlı məsələlərin düzgün müəyyən edilməsi vacibdir. Bu, rəqabət mühitinin qorunması və bazarın səmərəli fəaliyyət göstərməsi üçün əhəmiyyətli rol oynayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 Mart 2025-ci il tarixli qərarı ilə qeyd olunan məsələlərin tənzimlənməsi üçün qaydalar təsdqilənmişdir. Hazırki qısa məqalədə həmin qərarın əsas məqamlarının qısa təhlili aparılacaqdır.
İlkin olaraq, qərarda bazar paylarının hesablanması metodu olan Herfindahl-Hirschman İndeksi (HHİ) indeksi anlayışından istifadə edilmişdir. Bu indeks, bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin bazar paylarının kvadratlarının cəmi ilə hesablanır. HHİ göstəricisi bazarın təmərküzləşmə səviyyəsini ölçmək üçün istifadə olunur və bazarın nə dərəcədə rəqabətçi olduğunu göstərir.
Məhsul sərhədlərinin müəyyən edilməsi üçün tələb və təklif əvəzediciliyi üsulları tətbiq edilir. Tələb əvəzediciliyi daha üstün hesab olunur, çünki bu üsul məhsulun müştəri nöqteyi-nəzərindən oxşar xüsusiyyətlərini, faydasını və qiymətini nəzərə alır. Bu üsulla müəyyən edilən məhsullar eyni müvafiq bazarın məhsul sərhədlərini təşkil edir.
Coğrafi sərhədlərin müəyyən edilməsi də mühüm əhəmiyyət kəsb edir. Müvafiq bazarın coğrafi sərhədləri məhsulun istehsal edildiyi və ya satıldığı coğrafi əraziləri əhatə edir. Bu zaman coğrafi ərazidə mövcud olan demoqrafik xüsusiyyətlər, rəqabət şərtləri və digər faktorlara diqqət yetirilir.
Bazar iştirakçılarının müəyyən edilməsi prosesində bazarın məhsul və xidmət istehsalçıları, satıcılar, tənzimləyici qurumlar və müştərilər iştirak edir. Bazarın strukturu isə bazar iştirakçılarının payları əsasında təyin edilir və bazar monopolistik, duopolistik, oliqopolistik və ya rəqabətli olaraq təsnif edilir.
Beləliklə, bu qaydalar, Azərbaycan Respublikasında bazar iqtisadiyyatının düzgün tənzimlənməsi və rəqabətin qorunması üçün əhəmiyyətli rol oynayır. Bazar paylarının hesablanması, məhsul və coğrafi sərhədlərin, bazarın həcmi və strukturu ilə bağlı dəqiq və obyektiv məlumatların əldə edilməsi bazarın səmərəli fəaliyyət göstərməsinə, istehlakçıların və biznes subyektlərinin maraqlarının qorunmasına xidmət edir.
İnformasiya mənbəyi https://nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasi-reqabet-mecellesinin-teleb-8691saytına istinad edir