Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunur.
Məlum olduğu kimi, Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”, onun əlavələrinin formaları və tərtib edilməsi qaydaları yeni redaksiyada təsdiq edilib.
Vergi ödəyicilərinə xidmətin daha da sadələşdirilməsi məqsədilə yeni redaksiyada təsdiq edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” forması oktyabrın 1-dən şəxsi elektron kabinet üzərindən təqdim olunur.
Xatırladaq ki, indiyədək bu bəyannamə müvafiq interfeys vasitəsilə ayrıca təqdim edilirdi, digər vergilərə dair bəyannamələr isə vahid şəkildə elektron kabinetdən göndərilirdi. Artıq bu sistem şəxsi kabinetə tam inteqrasiya olunub və vergi ödəyiciləri muzdlu işlə əlaqədar bəyannaməni də e-kabinet üzərindən təqdim edilir.
Yenilik sahibkarların inzibati yükünü azaltmağa, bütün bəyannamələrin vahid mənbədən təqdim olunmasına imkan verir. Nəticədə, vaxt itkisi aradan qalxır, rəqəmsal şəffaflıq və hesabatlılıq daha da güclənir. Sahibkarlıq subyektləri üçün hesabat prosesləri sadələşdi, bununla da vergi öhdəliklərinin vaxtında və rahat yerinə yetirilməsinə daha münbit şərait yarandı.